Mən bulağın yanına çatanda bir neçə qız-gəlindən başqa kimsə yox idi. Onlara
bildirmədən küknar ağacına yaxınlaşıb arxa tərəfinə göz gəzdirdim. Otların arasına
gizlədilmiş kağız parçasını görəndə gülmək istəsəm də bulaq başındakılar nədənsə
şübhələnərlər deyə səs çıxarmadım. Səssizcə qatlanmış kağızı götürərək çantama
qoyub arxama baxmadan oradan uzaqlaşdım. Təpəni keçdikdən sonra isə sürətimi
artıraraq Səməndərlə görüşəcəyimiz yerə qaçmağa başladım. Səməndər məni çayın
qırağında, alma ağacları tərəfdə gözləyəcəkdi. Elə hey qaçırdım. Yorulduğumu belə
hiss etmirdim. Məktubu Səməndərə çatdırmaq üçün sürətlə qaçırdım. Alma
ağaclarının yaxınlığına çatanda sürətimi azaldıb ətrafa göz gəzdirdim. Səməndərin
yaxınlıqda olacağına əmin idim. Çay tərəfə doğru baxmağa başlamışdım ki, uzaqdan
Səməndərin əlini gördüm. Məni yanına çağırırdı. Onu görən kimi, ağacların arası ilə
ona tərəf tələsdim. Yanına çatan kimi bir söz belə deməsini gözləmədən kağız
parçasını çantamdan çıxarıb ona uzatdım.
– Məktub göndərib? – sevincindən gözləri gülürdü.
– Hııı... – Gülərək qarşılıq verdim.
– Gəl burda oturaq. – Qolumdan tutaraq iri alma ağacının altını göstərdi.
Alma ağacının altında, otluğa oturduq. Səməndər cəld kağız parçasını açaraq
baxdı. Sonra isə mənə göstərərək oxumağa başladı.
“Məktubunu aldım. Yazdıqların üçün çox sağ ol. Ancaq ehtiyatlı olmalıyıq.
Atamla qardaşımın sənə nəsə etməyindən narahatam. Özünə yaxşı bax.”
Nazlı çox qısa yazmışdı. Məktubun uzun olacağını gözləyirdim. Ancaq bəlkə
də belə olmalı idi. Axı heç vaxt kimdənsə məktub almamışdım. Səməndər isə
sevinirdi. Bir neçə cümlə belə onun üçün çox böyük şey idi. Sevdiyindən məktub
almışdı. Ondan qeyrisi bunu hiss edəcək gücə sahib deyildi.
Biz bir neçə saat da orada qaldıq. Səməndər mənə məktəb vaxtlarından bəhs
edirdi. Sən demə, məktəb vaxtlarından Nazlı ilə bir-birini sevirmişlər. O vaxt
məktəbdə bir araya tez-tez gəlsələr də, indi bu o qədər də asan deyildi. Nazlı
Səməndərdən iki yaş kiçik idi. Sinifləri yanbayan olduğundan hər dərsdən sonra onu
görər, söhbət etməyə belə macal taparmışlar. Lakin sonralar Nazlını atası məktəbdən
çıxarmış, Səməndər də əsgərə getdiyindən ondan heç bir xəbər də ala bilməmişdi.
Ona görə də, bu üç-dörd cümlənin onun üçün əhəmiyyəti çox idi. Atamın dediyi
birinci məsələ də sən demə elə bu imiş.
***
Yayın axırlarına doğru gedirdik. Mən yenə poçtalyon olaraq, hər gün məktub
daşımaqla məşğul idim. Amma gözəl şeylər də olurdu. Atam boş vaxtlarında
mənimlə söhbət belə edirdi. Onun mənimlə söhbət etməsi məni həqiqətən
sevindirirdi. Mələk də yavaş-yavaş böyüyürdü. Ara-sıra qırıq-qırıq “dayı” sözünü
də deyirdi. Fatma xalanın oğlu da axır ki, öz evinə qayıtmışdı. Evlərində toy-bayram
olmuşdu. Hətta məni də çağırmışdılar. Fatma xala oğluna məni göstərib “Səndən
məktubları bu gədə gətirirdi” demişdi.