Səməndərin dedikləri məni həyəcanlandırsa da, bir yandan qorxudurdu.
Bacara bilməsəydim, o da pis olacaqdı. Mənə görə yoldaş Muxtarovdan söz
eşitməsini istəmirdim.
Kəndin mərkəzinə çataçatda Səməndər taxta qapılardan birini döyərək
içərdəkiləri çağırdı. Qapıya dəllək Xudu çıxdı.
– Salam, Səməndər.
– Salam, Xudu qardaş. Sənə məktub gəlib. Bakıdandır.
– Ay nə yaxşı oldu. Elə məndə nə vaxtdandır, ordan xəbər gözləyirəm.
– Onda buyur, bu da məktubun.
– Çox sağ ol. – Dəllək Xudu məktubu alaraq içəri girdi.
Səməndərlə bir neçə saat ərzində bir çox evi gəzərək bütün məktubları
paylamışdıq. Daha doğrusu, bunu Səməndər etmiş və bu işin necə edildiyini mənə
göstərmişdi. Həmişə olduğu kimi, məktubu alanlar mənə fikir belə verməmişdilər.
– Hə. Başa düşdün, nə etmək lazımdır? – Səməndər son dəfə məndən soruşdu.
– Hhaa...
– Onda al bu çantanı. Artıq sənindir. İçində kiçik kitabça da var. İstədiyin
qeydləri apararsan. – Çantanı mənə uzadıb dedi.
Çantanı alaraq içinə baxdım. Dediyi kimi, içində kitabça da vardı. Çantanın
qulpundan yapışaraq mənə necə yaraşacağını yoxladım. Yanımda elə də pis
durmurdu. Gülərək sevincimi bildirdim. Bunu görən Səməndər də gülməyə başladı.
İşi bəyənməyim onun da xoşuna gəlmişdi. Arıtq poçtalyon idim. Malavar kəndinin
poçtalyonu Dəli Bəşir.
– İndi isə evə get. Sabah səhər mütləq idarədə ol. – Səməndər əlini çiynimə
yavaşca vuraraq dedi. Onun yanından ayrılaraq evə getdim.
O gün həyəcanla səhərin açılmasını gözləmişdim. Çantamı birinci anam
görmüşdü. Nə olduğunu başa düşmədiyindən içindən kitabçanı çıxararaq qələmlə
içinə “Poçtalyon oldum”, – deyə yazıb ona göstərmişdim. Əvvəl heç nə anlamasa
da, sonradan atam ona hər şeyi izah etmişdi. Ağlayaraq qucaqlamışdı məni. Məktəbə
belə gedə bilməyən oğlu Poçtalyon olmuşdu. Atam isə sakitcə danışıb nə edəcəyimi
bir də izah etmişdi mənə. Heç nəyi biruzə verməsə də, sevindiyi gözlərindən bəlli
olurdu. Bəlkə də indiyə kimi ən gözəl günüm idi. Atam, anam və bacımla bir yerdə
oturaraq, işimdən danışırdıq və mənim hələ on dörd yaşım vardı.
***
Səhər tezdən yerimdən qalxaraq əynimi geyinib aynanın önünə keçdim.
Gülürdüm. O da həmişə olduğu kimi qarşılıq verirdi. İkimiz də halımızdan razı idik.
Aynanın qarşısında bir qədər də özümə baxdıqdan sonra otaqdan çıxdım. Anam
süfrəni çoxdan hazırlamışdı. Bacım Mələyin yeməyini verirdi. Mən də bir tikə
yedikdən sonra sağollaşaraq idarəyə getmək üçün tələsdim. Həyəcanlı idim. Bugün
mənim ilk iş günüm idi. İlk dəfə özüm tək başına nəsə edəcəkdim. Bir şeylər
qazanacaqdım.
Kəndin mərkəzindən keçəndə Mehdi kişiylə göz-gözə gəldik. Bu səfər o belə
gözlərini məndən qaçırmamışdı. Bugün çox fərqli bir gün idi. Gülümsəyərək aşağı ,