idarəyə tərəf getdim. İdarəyə çataçatda isə ürəyim şiddətlə döyünməyə başladı.
Sanki yerindən çıxacaqdı. Ancaq Səməndəri görəndə bütün həyəcanım da bir anda
yox oldu. Mənimlə salamlaşdıqdan sonra məktubları tək-tək göstərib hamısını
çantama qoydu. Artıq işə başlamağın vaxtı idi. Onun yanından ayrılaraq məktubları
paylamaq üçün kəndin içinə girdim.
Hər qapını döydükdə içəridən çıxanın məni necə qarşılayacağı haqqında
düşüncələr başımı ağrıdır, qəlbimi çıxılmaz yollar içində buraxırdı. Məktub sahibləri
isə həqiqətən mənim poçtalyon olmağıma təccüblə baxırdılar. Dəli Bəşir Poçtalyon
Bəşir olmuşdu, onlara görə. Mənsə təbəssümlə onlara məktublarını verir, öz yoluma
davam edirdim. Ancaq ara-sıra xoşüzlü insanlar da olurdu, məktub almaq üçün
qapını döydüyümdə. Mənə gətirdiyim məktub üçün şirinlik belə verirdilər. Bəzən də
mənim niyə məktubu gətirdiyimi başa düşməyənlər də olurdu. Ona görə də çantadan
kitabçanı çıxararaq qeydlər aparır, poçtalyonun mən olduğumu onlara bildirirdim.
Xülasə, artıq Malavar kəndinin Poçtalyonu Dəli Bəşir, yəni mən idim.
***
Vaxt ötür, günlər keçir, zaman durmadan öz atını irəliyə doğru çapırdı. Mən
bütün kəndin dilinə düşmüş, artıq məhşur belə olmuşdum. Hər gün, səhər tezdən
idarəyə gedər, məktubları alaraq öz sahiblərinə çatdırardım. Fatma xala belə artıq
mənimlə yaxşı davranardı. Axı oğlundan ona məktubları mən gətirərdim. Hər
məktub gətirdiyimdə mənə şirinlik verər, gülərüzlülüklə yola salardı. İndi o qədər
də mənə dəli deyən yox idi. Artıq Poçtalyon Bəşir idim. Amma uşaqlar ara-sıra
Poçtalyon Dəli Bəşir deyə başıma toplaşar, gülərək mənimlə “zarafat” edərdilər.
İlk həftənin sonunda Səməndər həftəlik maaşımı vermişdi. O gün ən xoşbəxt
günüm idi. Qaçaraq evə getmişdim. Anamla atamın qabağına bir neçə kağız
parçasını qoyaraq maaş aldığımı bildirmişdim. Anam ağlayaraq qucaqlamışdı məni.
Atam... o isə bu səfər sakit durmamış, əli ilə başımı sığallayaraq “Bu pullar sənin
haqqındır, nə istəsən gedib ala bilərsən” demişdi. İndi onlar da mənimlə az da olsa,
bəlkə də fəxr edirdilər. Bu isə mənim üçün hər şey demək idi.
Yayın sonlarına doğru gedirdik. Mən yenə də hər gün idarəyə gedib-gəlirdim.
Artıq kitabçamda qeydlər aparmır, bir çox gördüyüm şeyləri də ora yazırdım. Həyat
öz axarı ilə davam edirdi. Daha doğrusu, mənə elə gəlirdi.
Günlərin bir günü bütün məktubları payladıqdan sonra evin yolunu
tutmuşdum ki, Səməndərin Allahverdi əminin qapısının yaxınlığında oturduğunu
gördüm. O da məni görmüşdü ki, əli ilə məni yanına çağırdı. Yanına gedib başımla
salam verdikdən sonra yanında oturdum. Yenə heç nə demədən uzaqlara baxmağa
davam edirdi. Kitabçamı çıxararaq içinə yazı yazıb ona uzatdım.
– Burda niyə oturmusan? – deyə yazmışdım.
– Heç. Elə-belə – Təbəssümlə üzümə baxdı.
– Bəs niyə bikefsən? – Yenidən kitabçaya yazıb ona göstərdim.
– Nə bilim... boş şeydi. Fikir vermə. – Dərindən nəfəs alıb Allahverdi əminin
evinə tərəf baxdı.