Artıq mən də heç nə yazmadım. Danışmaq istəmirdisə, məcbur etməyin də bir
mənası yox idi. İkimiz də susaraq oturduğumuz yerdə qalmışdıq. Nə o, yerindən
tərpənirdi, nə də mən.
Bir xeyli daşın üzərində səssizcə oturduqdan sonra Səməndər dərindən nəfəs
alaraq mənə baxdı. Deyəsən, nəsə demək istəyirdi.
– Bilirsən, səni niyə poçtalyon etdim? – Səməndərin sualına başımla “yox”
deyə cavab verdim. – Malavar kəndinin camaatı səni bəlkə də heç vaxt ciddiyə
almayacaqdı. Savadsız insanlardır, anlaya bilmirlər. Ancaq sənin elə olmadığın
gözlərindən hiss olunurdu. – Səməndər “dəli” sözünü işlətmək istəmədi. – Və
insanların sənə nə deməyindən asılı olmayaraq bir şeylərə cəhd edirdin. Həmişə.
Həm də bu yaşında. Poçtalyon işini istəməyə də bilərdin. Amma cəsarətinin
sayəsində insanlara özünü sübut etdirdin. Mən bunun olacağına elə ilk vaxtlardan
əmin idim. Səndəki cəsarət çox adamda yoxdur. Elə mənim özümdə də. – Köks
ötürərək yenidən Allahverdi əminin evinə tərəf baxdı. – Məndəki cəsarətlə ancaq elə
uzaqdan baxmaq olar. Yaxınlaşa bilmərəm. Bacarmaram. Məndə bu alınmaz, Bəşir.
Səməndərin nə demək istədiyini azca olsa da, başa düşmüşdüm. Allahverdi
əminin Gülpəridən başqa bir qızı, bir oğlu da vardı. Oğlunun adı Şahsuvar idi.
Enlikürək, hündürboy, üzdən nə qədər göyçək olsa da, qəlbən bir o qədər eybəcər
idi. İşi, gücü bütün günü veyl-veyl gəzmək, yerli-yersiz onla-bunla dava etmək idi.
Bir neçə il bundan əvvəl Allahverdi əmi zorla da olsa, onu evləndirə bilmiş, iki uşağı
da olmuşdu. Ancaq yenə də əvvəlki xasiyyəti dəyişməmişdi. Bircə atasının sözündən
çıxmazdı. Atası nə desə, onu yerinə yetirərdi. Allahverdi əminin o biri qızının adı
isə Nazlı idi. Şahsuvarın qorxusundan bütün günü evdə olar, ara-sıra bir neçə qızla
bulağa su gətirməyə gedərdi. Məktəbi belə tam oxuya bilməmişdi. Gülpəri nə qədər
gözəl idisə, Nazlı da bir o qədər gözəl idi. Deyəsən, Səməndərin dərdi Nazlı
olmuşdu. Ona görə belə bikef, fikirli görsənirdi.
Səməndər elə Allahverdi əminin evinə tərəf baxırdı. Bu arada mənim ağlıma
bir fikir gəlmişdi ki, kitabçaya bir şeylər yazaraq Səməndərə uzatdım. Əvvəl nə
etdiyimi anlamasa da, kitabçada yazılanları oxuduqdan sonra gülümsəyərək dedi:
– Doğurdan? Bunu edə bilərsən? – Gözləri parıldayırdı.
– Haa...
– Ancaq bu təhlükəlidir. Səni tutsalar həm sənə, həm də ona yazıq olacaq.
Onsuzda Allahverdi əmi bir dəfə səni danlayıb. Bir dəfə də mənə görə danlanmanı
istəmərəm.
– Narahat olma, – deyə kitabçaya yazıb ona göstərdim.
– Onda yaxşı. Mən sənə xəbər edəcəm. – Ayağa qalxdı. Artıq üzü gülürdü.
Deyəsən, ümid yaranmışdı.
Mən də ayağa qalxaraq onunla sağollaşıb evin yolunu tutdum. Səhər ikimiz
üçün də böyük gün olacaqdı.