Anam bu arada çayı armudu stəkana süzmüş, atamın yanına aparmışdı. Bir
neçə dəqiqə keçməmişdi ki, ikisinin nə üstündəsə mübahisə etdiyini eşitdim.
– Yavaş, ay kişi. Uşaq eşidəcək.
– Eşitsin də! Guya eşidib nəsə qanır!
– Elə demə, qurban olum. Ona niyə hirslənirsən? Kitab oxusa nəyi pisdiki?
Bəlkə...
– Nə bəlkə?! Bəlkə oxuyub alim olacaq? Ağzından iki sözü yan-yana çıxara
bilmirik. Oxuyub neyləyəcək! Kimə danışacaq oxuduqlarını! Deyəsən, sənin
yaddaşın pozulub... oğlun laldır, – atam danışdıqca əsəbi daha da artırdı və bu onun
səsinə də təsir edirdi. Anam isə ağlamağa başlamışdı belə. Əli ilə atamı
sakitləşdirməyə çalışırdı.
– Elə demə, ay Həsən. Allah baxır axı! Nə olsun danışa bilmir? Bunun kitaba
nə dəxli var?
– Bəlkə də heç oxuduğunu da başa düşmür, boş-boş vərəqləyir. Sən o Allaha
bir de görək, biz ona neyləmişdik ki, bizə bunu verdi? Nə danışa , nə də düz-əməlli
nəyisə dərk edə bilir... Məndən axı nə istəyir? Soruş ondan! – şəhadət barmağını
yuxarı qaldırdı. Mən bunu qapının arasından rahatlıqla görə bilirdim.
– Həsən, qurban olum. Özündə bilirsən, bu sözləri ürəkdən demədiyini. Ona
görə də daha əsəbləşmə. Yat, dincəl. – Anam gözünün yaşını silərək ayağa qalxdı.
Mən yenidən üzümü çevirərək yeməyimi yeyir, danışılanları eşitmədiyimi
göstərmək istəyirdim. Anam otaqdan çıxaraq mənə yaxınlaşdı.
– Ye, bala. Sən atana fikir vermə. O da səni çox istəyir. Bugün biraz işi çətin
olub deyə əsəbidi. Sabaha hirsi keçər. – Başımdan öpərək eyvanı həyətdən ayıran
kiçik taxta qapını açıb həyətin o başına, mətbəxə tərəf getdi.
Mən əlimdəki qaşığı boşqabda gəzdirərək olanları dərk etməyə çalışırdım.
Yaşım artdıqca anlayırdım ki, heç ağlaya da bilmirəm. Eləcə sakit, dinməz donaraq
qalıram. Bir də gülümsəyə bilirəm. Bundan başqa heç nə. Atama əsəbləşə bilmirdim.
Onu da bacarmırdım. Bəlkə də o düz deyirdi. Mən burada olmamalı idim. Ancaq
yəqin ki, bir səbəbi var idi. Bunu isə zamanla qismət olacaqdısa, görə biləcəkdim.
***
Səhər dan yeri yenicə ağaranda gözlərimi açaraq cəld yerimdən qalxdım.
Səma aydınlanmaq üzrə idi. Ancaq məni heç kim oyatmamışdı. Əynimi geyinərək
güzgünün özünə keçdim. Hər səhər güzgüyə baxmasam olmazdı. Orda məndən bir
dənə də var. Mən nə edirəmsə, o da onu edir. Əlimi üzümdə gəzdirdim. Üzümdə
qırmızı xətlər vardı. Balışın izləri idi. Gülümsəyərək əlimi keçəl başıma apardım.
Ayda bir dəfə anam saçımı dibdən kəsirdi. Saçım olmayanda eybəcər görünürdüm.
Öz-özümə baxır, gülürdüm. Birdən yadıma atam düşdü. Cəld otaqdan çıxaraq
tövləyə tərəf qaçmağa başladım. Ancaq anamın səsi ilə duraraq geriyə dönüb ona
baxdım.
– Hara gedirsən?
– Haaaaa... – əlimlə tövləni göstərdim.