bir söz belə demirdi. Gözləri dolmuşdu. Elə bilirdim, biraz da ona baxsam,
ağlayacaq. Ona görə də gülümsəyərək yerimdən qalxıb atamın yanına getdim. Atam
yeməyə başlamışdı belə. Yanına oturaraq çörəyi götürüb ikiyə böldüm. İştahla
yeməyə başladım. Gülpəriyə isə bir də baxmadım. Yalnız qızlar gedəndən bir qədər
sonra, o da arxaları ilə.
Günəş batana kimi atamın yanında qalaraq ona kömək edir, sürünün bir
başından girib, o biri başından çıxırdım. Atam da yanında qalmağıma bir söz
deməmişdi. İcazə vermişdi. Bu məni sevindirirdi. Günəş öz sarı işığını bizdən
gizlətdiyində sürünü aşağı, kəndə sürməyə başlamışdıq belə. Kəndin içinə doğru
uzanan dar yolda çoban itlərinin hürüşməsi qoyunların mələşməsi ilə qarışaraq
ətrafa yayılırdı. Mənsə gah sürünün sağına, gah da soluna keçərək onların
dağılmasına imkan vermirdim. Bununla atama özümü göstərməyə çalışır, ara-sıra
üzünə baxaraq gülümsəyirdim. O isə buna o qədər də fikir vermədən yoluna davam
edirdi.
Sürünü ağıla saldıqdan sonra anam həmişəki kimi qoyunları sağıb quzuların
öhdəsinə buraxırdı. Quzularda bir-birləri ilə dalaşa-dalaşa analarından süd əmməyə
çalışırdılar. Onların bu halları məni güldürürdü. Əylənmək üçün onlara baxmaq
kifayət idi.
İşlər bitib qurtardığında şam yeməyi üçün yenidən bir masanın ətrafına
toplandıq. Atam sakitcə öz yeməyini yeyirdi. Anam isə ara-sıra mənə baxır, yeyib-
yemədiyimə nəzarət edirdi. Mənim görmədiyimi zənn etsə də, mən bunu hiss
edirdim. Ancaq o da bir söz belə demir, susurdu. Biz demək olar ki, həmişə yemək
yeyərkən susardıq. Daha doğrusu, atamla anam. Atamın yemək yeyərkən
danışılmasından xoşu gəlmirdi. Bunu mənə anam demişdi. Amma məncə atamın heç
danışmaqdan xoşu gəlmir. Yalnız əsəbləşdiyində... o zaman biraz çox danışır. Mən
danışa bilsəm, məncə boşboğaz biri olardım. O qədər danışılacaq şey varki. Ancaq
bilmək olmaz. Danışmaq yaxşı olsa idi, mən belə olmazdım axı. Nə bilim.
Atam yeməyini bitirib yenidən öz otağına keçdi. Anam isə onun arxasıyca
qalxaraq samovarın yanına gedib çay süzdü və atamın yanına apardı. Yenə masada
tək qalmışdım. Çəngəli boşqabın içinə qoyaraq onlara qulaq asmağa başladım.
Atamın mənim haqqımda nəsə deməsini... daha doğrusu, mənim haqqımda gözəl
sözlər deməsini o qədər çox istəyirdim ki.
– Ay Həsən, Bəşiri niyə günorta geri göndərmədin? – Anam söhbəti açmışdı.
Bütün fikrim onlarda idi.
– Nə bilim. Dedim qalsın. Mənə kömək etsin. – Atam qısaca cavab verdi.
– Bugün necə idi? Səhv etmədiki?
– Yox. Heç nə.
– Bəs sən niyə belə fikirlisən?
– Ay Zərifə, bilirsən nə oldu bugün? – Atam yumşaq səslə dedi.
– Noldu? – Anam narahatlıqla soruşdu.
– Bizim Allahverdinin qızı Gülpərini tanıyırsan da. Aşağı kəndə ərə
vermişdilər.
– Hə, tanıyıram. Nə olub ki ona?
– Bugün neçə qız-gəlinlə dağdan, bellərində şələylə gəlib bizdən biraz aralı,
çinar ağacının altında oturdular. Günorta yeməyi üçün. Ancaq Gülpəri onlardan